Qısası belədir: psixoloq seçirsiniz, hesab yaradırsınız, onun boş vaxtlarından biri üçün rezervasiya sorğusu göndərirsiniz. Psixoloq 24 saat ərzində vaxt və qiymətlə təklif göndərir və ya imtina edir. Təklifi təsdiqlədikdən sonra kartla ödəyirsiniz, seans vaxtı isə brauzerdə video ilə qoşulursunuz. Sorğu göndərmək pulsuzdur: yalnız psixoloqun təklifini təsdiqlədikdən sonra ödəyirsiniz. Aşağıda hər addımı, vaxtları və qiyməti ətraflı izah edirik.
Başlamazdan əvvəl nə lazımdır
- 18 yaşınız tamam olmalıdır. Seansio yalnız böyüklər üçündür.
- E-poçt ünvanı, Google və ya Apple hesabı.
- Bank kartı.
- Kamera və mikrofonu olan kompüter və ya telefon, sabit internet.
- Seans vaxtı sizi heç kimin eşitməyəcəyi bir yer. Qulaqlıq çox kömək edir.
Psixoloqlara baxmaq üçün hesab lazım deyil. Hesabı yalnız sorğu göndərmək istəyəndə yaradırsınız.
1. Psixoloqu tapın
Psixoloqlar səhifəsində siyahını dilə, mövzuya, qiymətə və boş vaxta görə süzə bilərsiniz. Profildə psixoloqun kimlərlə və necə işlədiyi, hansı dillərdə danışdığı və seansın qiyməti yazılıb. Profillərdəki "təsdiqlənmiş" nişanı Seansio-nun mütəxəssisin şəxsiyyət sənədini, diplomunu, lisenziya və ya sertifikatını və iş təcrübəsini yoxladığını göstərir. Profildəki qiymətə 5% xidmət haqqı daxildir.
Kimi seçəcəyinizi bilmirsinizsə, qısa anketi doldurun. Orada nədə kömək istədiyinizi, hansı dildə danışmaq istədiyinizi, psixoloqun cinsinin sizin üçün vacib olub-olmadığını və hansı vaxtların uyğun olduğunu soruşuruq. Cavablara görə uyğun psixoloqları göstəririk. Hesaba daxil olmamısınızsa, cavablar heç yerdə saxlanmır.
Bir neçə praktik məsləhət:
- Üç-dörd profili oxuyun və sizə ən yaxın gələni seçin. Mətni oxuyanda "bu insanla danışa bilərəm" hissi vacibdir.
- Dilə diqqət edin. Hisslərinizdən hansı dildə rahat danışırsınızsa, o dildə işləyən psixoloqu seçin. Seans dili psixoloqdan asılıdır: azərbaycan, rus, ingilis və ya türk.
- Sizi narahat edən mövzunun (məsələn, yas, narahatlıq, münasibətlər) profildə adının çəkilib-çəkilmədiyinə baxın.
- Qiyməti psixoloq özü manatla təyin edir, ona görə qiymətlər fərqlidir.
2. Hesab yaradın
Qeydiyyatdan e-poçtla, Google və ya Apple hesabınızla keçə bilərsiniz. E-poçtla qeydiyyatdan keçsəniz, ünvanınıza gələn keçidə basıb onu təsdiqləyin.
Qeydiyyatda rəsmi adınızı yazırsınız və onu Seansio saxlayır. Psixoloqun sizi hansı adla görəcəyini isə özünüz seçirsiniz: təxəllüs və ya əsl adınız. Adınızın görünməsini istəmirsinizsə, təxəllüs seçin.
Qeydiyyatın sonunda bir razılıq verirsiniz: İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edir, 18 yaşınızın tamam olduğunu təsdiqləyir, sağlamlıq məlumatlarınızın işlənilməsinə, seansların qeydə alınmasına, saxlanılmasına, mətnə çevrilməsinə və süni intellektlə təhlilinə, o cümlədən ABŞ-dakı təminatçılara ötürülməsinə razılıq verirsiniz. Bu, Seansio-dan istifadənin şərtidir.
İlk seansdan əvvəl şəxsiyyətinizi də təsdiqləməlisiniz: hesabınızda şəxsiyyət vəsiqənizin və ya pasportunuzun şəklini yükləyirsiniz, Seansio onu adətən 1 iş günü ərzində yoxlayır. Psixoloq sənədinizi görmür. Bunu ilk sorğunu göndərən kimi edin ki, seansı gözləməyəsiniz. Ətraflı: Niyə şəxsiyyəti təsdiqləyirik.
3. Rezervasiya sorğusu göndərin
Psixoloqun profilindəki təqvimdə boş vaxtlardan birini seçin və sorğunu göndərin. Bu mərhələdə kartınızdan heç nə tutulmur.
Sonra psixoloqun cavab vermək üçün 24 saatı var. O:
- sizə təklif göndərə bilər: seansın vaxtı (və ya vaxtları) və qiyməti;
- və ya sorğudan imtina edə bilər.
Təklifi təsdiqləmək və ya rədd etmək üçün sizin də 24 saatınız olur; təsdiqlənməyən təklifin müddəti bitir. Psixoloq 24 saat ərzində cavab verməsə, sorğu qüvvədən düşür və heç nə ödəmirsiniz: başqa vaxt və ya başqa psixoloq seçə bilərsiniz. Cavab barədə sizə e-poçt və hesabınızda bildiriş gəlir.
4. Kartla ödəyin
Təklifi təsdiqlədikdən sonra seansın haqqını kartla ödəyirsiniz. Ödənişi Azərbaycanın ödəniş xidməti Epoint qəbul edir: kart məlumatlarını Seansio-da deyil, Epoint-in ödəniş səhifəsində daxil edirsiniz.
Vaxtlara diqqət edin:
- Ödəniş seansdan ən gec 48 saat əvvəl edilməlidir. Son tarixdən 24 saat əvvəl xatırlatma göndəririk.
- Seansa 48 saatdan az qalıbsa, təsdiqdən sonra 15 dəqiqə ərzində ödəyirsiniz.
- Vaxtında ödənilməyən seans avtomatik ləğv olunur və sizdən heç nə tutulmur.
Ödəyəcəyiniz məbləğ belə hesablanır: seansın qiymətini psixoloq təyin edir, Seansio isə üstünə 5% xidmət haqqı əlavə edir. Məsələn, psixoloqun qiyməti 200 ₼-dırsa, siz 210 ₼ ödəyirsiniz. Bu haqq rezervasiyanı, ödənişi, videonu və məlumatların qorunmasını təmin edən platformanın xərclərini qarşılayır. Ətraflı: Qiymətlər.
5. Seansa hazırlaşın
Seansdan bir gün əvvəl sizə xatırlatma göndəririk. Seans günü bir neçə sadə şey kifayətdir:
- Qapını bağlaya biləcəyiniz sakit otaq seçin. Evdə başqaları varsa, seans boyu sizi narahat etməmələrini əvvəlcədən xahiş edin.
- Qulaqlıq taxın, telefonu səssizə qoyun.
- Seansdan bir neçə dəqiqə əvvəl kameranı və mikrofonu yoxlayın.
- Yanınıza su qoyun. Ağlaya biləcəyinizi düşünürsünüzsə, yaxında salfet olsun: seansda ağlamaq tamamilə normaldır.
Nə deyəcəyinizi əvvəlcədən hazırlamaq lazım deyil. İstəsəniz, sizi narahat edən iki-üç məsələni qeyd edin. Daha ətraflı: İlk seansa necə hazırlaşmaq olar.
6. Seansa qoşulun
Seans vaxtı hesabınıza daxil olun və qoşulma düyməsini basın. Hər şey brauzerdə açılır: kompüterə proqram quraşdırmaq lazım deyil. Video Seansio-nun öz serverlərində işləyir, linki heç kimlə bölüşmək lazım deyil.
Seansio-da hər seans müştərilərin təhlükəsizliyi və yardımın keyfiyyəti üçün qeydə alınır, mətnə çevrilir və süni intellektlə təhlil olunur. Hər seans üçün ayrıca seçim yoxdur. Seans otağındakı kiçik bildiriş seansın qeydə alındığını xatırladır. Qeydə yalnız siz, psixoloq və Seansio-nun sahibi (şirkətə sahib olan və onu idarə edən şəxs) baxa bilər.
İlk seansda nə gözləmək olar
İlk görüş çox vaxt tanışlıq kimi keçir. Psixoloq sizi nəyin narahat etdiyini, bunun nə vaxtdan davam etdiyini və seanslardan nə gözlədiyinizi soruşur. Hər şeyi ilk seansda danışmağa məcbur deyilsiniz: hazır olmadığınız mövzunu "bu barədə sonra danışaq" deyib təxirə sala bilərsiniz.
Siz də sual verə bilərsiniz:
- Mənim vəziyyətimdə necə işləyirsiniz?
- Seanslar nə qədər tez-tez olmalıdır?
- Seanslar arasında yazsam, adətən nə vaxt cavab verirsiniz?
- İrəliləyişi necə qiymətləndirəcəyik?
Seansdan sonra özünüzə səmimi cavab verin: bu insanla danışmaq rahat idimi? Rahat deyildisə, bu, sizin "pis müştəri" olduğunuzu göstərmir. Sadəcə başqa psixoloq sizə daha uyğun ola bilər.
Vaxtı dəyişmək və ya ləğv etmək lazım olsa
- Seansın vaxtını ən gec 24 saat əvvəl pulsuz dəyişə bilərsiniz.
- Seansı ən gec 12 saat əvvəl ləğv edə bilərsiniz: bu halda 5% xidmət haqqı da daxil olmaqla bütün pul qaytarılır.
- Seansa 12 saatdan az qalanda onu hesabınızda ləğv etmək artıq mümkün olmur. Seans başladıqdan sonra 10 dəqiqə ərzində qoşulmasanız, seans buraxılmış sayılır və pulu qaytarılmır.
- Psixoloq seansı ləğv etsə, 10 dəqiqə ərzində qoşulmasa və ya seans texniki nasazlıq səbəbindən baş tutmasa, bütün pul qaytarılır. Psixoloq qoşulmayıbsa, rezervasiyanın səhifəsində «Problem barədə bildirin» düyməsini basın.
- Pul ödədiyiniz karta avtomatik qaytarılır. Göndəriləndə sizə bildiriş gəlir, kartda nə vaxt görünəcəyi bankınızdan asılıdır. Bütün hallar Ləğv və geri ödəniş qaydalarında yazılıb.
Planlarınız dəyişəcəksə, bunu nə qədər tez bildirsəniz, bir o qədər yaxşıdır: həm sizin üçün, həm də həmin vaxtı başqasına verə biləcək psixoloq üçün.
Seansdan sonra
Seanslar arasında psixoloqla sayt daxilində yazışa bilərsiniz. Psixoloq mesajlara dərhal cavab verməyə bilər: mesajlar təcili əlaqə üçün deyil. Hesabınızda şəxsi gündəlik və əhval qeydləri də var. Gündəliyi yalnız siz görürsünüz; istəsəniz, ayrıca bir yazını psixoloqla paylaşa bilərsiniz.
Növbəti seansı eyni qaydada sifariş edirsiniz. İlk görüşdən sonra psixoloqun sizə uyğun olmadığını hiss etsəniz, başqasını seçməkdə heç bir qəbahət yoxdur. Bütün addımlar və vaxtlar bir səhifədə: Necə işləyir.
Tez-tez verilən suallar
Psixoloqlara hesab açmadan baxa bilərəm? Bəli. Hesab yalnız rezervasiya sorğusu göndərmək üçün lazımdır.
Sorğu göndərəndə pul tutulur? Xeyr. Yalnız psixoloqun təklifini təsdiqlədikdən sonra ödəyirsiniz.
Psixoloq əsl adımı görəcək? Siz nəyi seçsəniz, onu: təxəllüsü və ya əsl adınızı. Rəsmi adınızı Seansio saxlayır.
Telefonla qoşula bilərəm? Bəli, kamerası və mikrofonu olan telefonla da qoşulmaq olar. Kompüterə heç nə quraşdırmaq lazım deyil, seans brauzerdə açılır.
Psixoloq 24 saatda cavab verməsə? Sorğu qüvvədən düşür, heç nə ödəmirsiniz. Başqa vaxt və ya başqa psixoloq seçin.
